Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

 

Dəvəçi rayonu 1930-cu ildə təşkil edilmişdir. 1959-cu ildə Siyəzən rayonu ləğv edilərək ona birləşdirilmiş və rayon ərazisi genişləndirilmişdir. 1992-ci ildə Siyəzən yenidən ondan ayrılmış və müstəqil rayon olmuşdur. Dəvəçi rayonu 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş (Dəvəçi və Siyəzən şəhərləri respublika tabeliyində şəhər kimi qalmışlar), 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur.

Bu günki Şabran şəhəri öz adını 2010-cu ildə Dəvəçi rayonunun adının dəyişməsi ilə əlaqədar Milli Məclisin qərarı ilə almışdır. Şəhər 1944-cü ilə kimi, Dəvəçibazar, sonra isə Dəvəçi adlanmışdır. 1959-cu ildən şəhər statusu almışdır. Tarixi ipək yolunun üzərində yerləşən Dəvəçibazar uzun müddət dəvə karvanlarının gecələmə yeri olmuşdur. Eyni zamanda burada böyük bazarda fəaliyyət göstərmiş, dağ kəndlərindən əhali alış veriş üçün Bazara gəlmişlər. Dəvəçiçay-ın ətrafında yerləşən şəhər əhalisi çay yatağından süzülüb gələn şirin sulu bulaqlardan istifadə etmişdir. Bu bulaqlar indi də durur. Bəzi tarixçilər qədim Şirvanşah dövlətinin bu ərazidə yarandığını və qədim Şirvan şəhərinin Dəvəçi şəhərinin yerində olduğunu göstərirlər. Lakin bu məsələ hələ tam öz təsdiqini tapmamışdır və gələcək araşdırıcılarını gözləyir. Karvan yolunun üstündə olan bu şəhər çox keşmə-keşli günlər yaşamış, dəfələrlə dağıdılmışdır. Sonuncu dəfə 1918-ci ilin mart hadisələri zamanı erməni daşnak qoşunları tərəfindən, əvvəl zirehli qatardan top atəşinə tutulmuş, sonra isə dəmiryol stansiyasından düşən erməni cəza dəstələri tərəfindən əhalisi güllələnmiş evlərinə isə od vurularaq yandırılmışdır. Hadisə şahidlərinin deməsinə görə, əhali tərəfindən bala Həştərxan adlanan səkiləri taxtadan, küçələrinə qəmbər daşından olan bu şəhərdə dağılmamış bir-neçə ev qalmışdır. ADR zamanı şəhər nahiyə mərkəzi olmaqla burada pristavlıq yerləşmiş və o,nahiyə olaraq Quba qəzasının tərkibində olmuşdur.

Rayonda tarixi-arxeoloji abidələr sayılan qədim şəhər yerləri var. Padar kəndindəki «Gülüstani – İrəm» və Şahnəzərli kəndindəki Şabran şəhər yerləri daha çox məşhurdur. Əsası V əsrdə qoyulmuş Şabran şəhər yeri dünyanın ən mühüm tarixi abidələri sırasına daxil edilmişdir. Rayon mərkəzi Şabran şəhərində tarix-diyarşünaslıq muzeyi var. Qalaaltı kurortu Böyük Qafqazın ətəklərində yerləşir. Müalicəvi əhəmiyyətə malik olan Qalaaltı suyu çıxan bulağın ətrafında «Çıraqqala» uroloci sanatoriyası tikilmişdir. Burada müalicə olunanlar və sadəcə istirahətə gələnlər qədim Çıraqqala qalasının xarabalıqları yerləşən dağın zirvəsinə dırmaşırlar. Həmin zirvədən ətraf kəndlərə və vadilərə açılan mənzərə adamı valeh edir. Rayonda ənənəvi xalq sənəti olan xalçalığın ənənələrini qoruyub saxlayırlar. «Pirəbədil», «Qollu Çiçi», «Heyratı» tipli yerli xalçalar geniş şöhrət qazanmışdır. Məşhur Qalaaltı kurortu Şabran rayonunun ərazisindədir.

 

 

Keçidlər