Rayon haqqında
Rayon haqqında
“Mən çox şadam ki, bütövlükdə rayonda işlər yaxşı gedir abadlıq işləri aparılır. Rayonun böyük potensialı vardır. Şabran Azərbaycanın qədim məskənlərindan biridir. Burada olan tarixi abidələr, Şabran şəhərinin qalıqları, Çıraqqala, digər abidələr Azərbaycanın nə qədər zəngin mədəniyyətə malik olduğunu əyani şəkildə göstərir...
...Mən Şabran rayonuna dəfələrlə səfər etmişəm, buraya bir neçə dəfə gəlmişəm,vəziyyətlə tanış olmuşam. Deyə bilərəm ki,doğrudanda rayon çox sürətlə inkişaf edir”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
15 avqust 2011-ci il
Şabran (Dəvəçi) rayonu Bakıdan şimalda Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Rayonun ərazisi şərq tərəfdən Xəzər dənizinin sahillərinə qovuşur. Quba, Xaçmaz və Siyəzən rayonu ilə həmsərhəddir. Bakı-Moskva dəmir yolu,Bakı-Rostov avtomobil yolu,Bakı-Novorosiysk neft kəməri,Samur-Abşeron kanalı,1914-cü və Sovet dövründə çəkilmiş Şollar-Bakı su kəmərləri rayonun ərazisindən keçir.
Şabran rayonu Böyük Qafqazın şimal-şərqində yerləşir. Relyefi çox müxtəlifdir. Dəniz sahillərindən başlanan düzənliklər tədricən təpəliklərə, daha sonra meşələrə, qayalara və dağlara çevrilir. Ərazi neft-qaz (Zağlı-Zeyvə neft yataqları), çınqıl, qum, gil və digər faydalı qazıntılar ilə zəngindir. Rayonda, həmçinin palçıq vulkanları var.
Meşələrin sahəsi 21500 hektardır. Bu meşələrin heyvanat aləmində canavar, ayı, tülkü, çaqqal,porsuq, qaban və ceyran, quşlardan isə qırqovul və kəlik daha geniş yayılmışdır. Respublikamızda ən böyük şirin sulu Ağzıbirçala (liman) gölü bu rayonun ərazisindədir.Göldə ov quşlarindan qaz,yaşılbaş ördək və qaşqaldaq qışlayır. Nohurlar kəndindən bir qədər aralıda isə bir-birindən gözəl 7 dağ gölü yerləşir. Bir qədər arxaik ada malik olan Dəvəçi şəhəri Camal dağının (təpənin) ətəyində, yaşıllıqlar qoynunda yerləşir.Məşhur Neft (nöyüt) dağı rayonun ərazisindədir.
Düzənlik ərazilərdə əsasən isti yarımsəhra və quru çöl iqlimi, dağətəyi ərazilərdə mülayim isti, orta və yüksək dağlıq ərazilərdə rütubətli soyuq və dağ tundra iqlimi yayılmışdır. Orta illik temperatur 8-10°-dir. Ən isti aylarda temperatur 20°-yə, mütləq maksimum isə 37-39°-yə çatır. Şaxtasız günlərin sayı 185-235 gün təşkil edir. Yay fəsli nisbətən sərindir, iyulun orta aylıq temperaturu 19-24° təşkil edir. Ən soyuq ayın (yanvar) orta aylıq dağlıq ərazilərdə 2-3° şaxta, aranda isə təxminən 1° isti təşkil edir. Soyuq hava kütlələrinin təsiri daha çox olduğu üçün qış burada cənub yamaclara nisbətən sərin keçir.
Mütləq minimum temperatur bəzən -20°-dək düşə bilir. Ərazi davamlı qar örtüyü ilə səciyyələnir: dağlıq ərazilərdə 50-80 gün, aranda isə 20 gündən artıqdır. Fəal temperatur cəmi 2500-4000° arasında tərəddüd edir. Ərazinin dağlıq sahələrində 0-600°, düzənlik və ovalıqlarda isə 4400° təşkil edir. Ümumi atmosfer yağıntıları 200–600 mm-dir. Sahil boyunca yağıntıların miqdarı cənub-şərqdən şimal-qərbə tərəf artır (250–400 mm). Şərqdən-qərbə hündürlük yüksəldikcə (təqribən 1000 metr) yağıntıların miqdarı da çoxalır.