Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanlarımız

 

Samir Zülfüqarov - Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda gənc ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. 3 iyul 1976-cı ildə Şabran rayonunda anadan olmuşdur. Səkkizinci sinfə qədər burada təhsil alan Samir, ailə vəziyyətləri ağır olduğu üçün təhsilini yarımçıq qoyaraq işləmiş, ailələrinə dayaq olmuşdu. 1994-cü il Şabran rayonundan hərbi xidmətə çağırılır. Samir qısa müddətə "N" saylı hərbi hissədə silahların çoxundan istifadə etməyi öyrənmişdi. Nizam intizamı, ciddiliyi ona böyük hörmət qazandırmışdı. Komadirləri bütün bunları nəzərə alaraq Samirə qısa müddətli məzuniyyət verdilər. 1995-ci il mart hadisəsi xəbərini eşidən cəsur əsgər döyüşçü dostlarının yanına qayıtdı. Milli Ordu silahlı dəstəni zərərsizləşdirərkən Samir də əməliyyatda iştirak edirdi. O, ömrünün ən gözəl bir zamanında, dövlətçiliyimiz, suverenliyimiz uğrunda gənc ömrünü qurban verdi. 17 mart 1995-ci il Samir əbədiyyətə qovuşdu. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Zülfüqarov Samir Xəlil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdi. Şabran rayonunun Ağbaş kəndində dəfn edilib. Şabran rayonu üç saylı orta məktəb onun adını daşıyır.

Roman Yusifov - Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. 28 iyul 1973-cü il Şabran rayonunda anadan olmuşdur. 1980-1990-cı illərdə buradakı 2 saylı orta məktəbdə təhsil almışdır. 1992-ci ildə Milli Orduya çağırılır. Roman bir müddət Naxçıvan şəhərində təlim keçir, daha sonra onu Sədərək rayonuna göndərirlər. Erməni işğalçıları ata-baba torpağımız olan bu ərazilərə də hücumlar edirdilər. Roman bir neçə dəfə döyüşlərə atılmışdı. 1992-ci il oktyabr ayında o, yaralanır. Müalicə olunduğdan sonra isə "N" saylı hərbi hissədə xidmətini davam etdirirdi. 13-17 martda baş vermiş Mart hadisələrində xeyli günahsız insanlar həlak oldu. Silahlı dəstənin zərərsizləşdirilməsi üçün əməliyyatda Roman da iştirak edirdi. Qəlbi daima Vətən eşqi ilə döyünən gənc Romanın arzuları ürəyində qaldı. O, dövlətçiliyimiz uğrunda ömrünün ən gözəl bir zamanında, 21 yaşında əbədiyyətə qovuşdu.  Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Yusifov Roman Yasəf oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Şabran rayonunun Qalagah kəndində dəfn edilib. Oxuduğu 2 saylı orta məktəb onun adını daşıyır.

 

Aprel Şəhidimiz 

Babək Vəfadar oğlu Abidov - Babək Abidov 1992-ci ilin 3 mayda Şabran rayonunun (keçmiş Dəvəçi rayonu) Zeyvə kəndində anadan olub. Kiçik gizir Babək Abidov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-u isə Babək Abidov doğulduğu Şabran rayonunun Zeyvə kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Abidov uğrunda şəhid olduğu torpağa tapşırıldı.Babək Abidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Keçidlər