Şriftin ölçüsü :

Saytın rəngi :

Etik davranış qaydaları

 

Şabran rayon İcra Hakimiyyətinin 2022-ci il üçün
etik davranış məsələləri üzrə hesabatı

 

      Azərbaycan Respublikası Prezidentinin dövlət qulluqçularının etik davranışı barədə səsləndirdiyi fikirləri və verdiyi tapşırıqları, həmçinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini icra etmək istiqamətində 2022-ci il ərzində Şabran Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət planının 8.10.1-ci yarımbəndinə əsasən dövlət orqanlarında dövlət qulluğunda etik davranış qaydaları mövzusunda 2022-ci ilin fevral ayında Şabran Rayon İcra Hakimiyyətində geniş tərkibdə tədbir keçirilmişdir.

     Tədbir iştirakçılarına “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət planı, “Korrupsiyaya qarşı mübarizə haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunları haqqında ətraflı məlumat verilmişdir. Tədbirdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə rəhbərlik etdikləri sahələrdə şəffaflığın təmin edilməsi və maliyyə nəzarətinin gücləndirilməsi, vətəndaşların müraciətlərinə baxılmasına diqqətlə yanaşılması və mövcud qanunvericiyin tələblərinə əməl edilməsi tapşırılmışdır.

     İl ərzində dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə müxtəlif tədbirlər keçirilmiş, fərdi söhbətlər aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.9-cu bəndinə əsasən Şabran Rayon İcra Hakimiyyətində ilin sonunda etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabat hazırlanmış və rayonun rəsmi internet səhifəsində açıqlanması təmin edilmişdir.

     Belə ki, 2022-ci ildə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 7 nəfərə töhmət, 24 nəfərə isə dövlət qulluğunda uğurlu fəaliyyətinə görə müvafiq ixtisas dərəcəsi verilmişdir. Hər ilin sonunda Rayon İcra Hakimiyyəti başçısı Aparatında və İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilmişdir. 2022-ci ildə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 aprel 2021-ci il 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin Qaydası”na uyğun olaraq həyata keçirilmişdir.

     Rayon üzrə aparılmış maarifləndirmə işləri, bu istiqamətdə keçirilən tədbirlər, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə məlumatlar, həmçinin hazırlanmış tezislər və maarifləndirici məlumatlar görüşlərdə istifadə olunduqdan sonra Rayon İcra Hakimiyyətinin internet səhifələrində, sosial şəbəkə ünvanlarında yerləşdirimiş və “Şabran” qəzetində dərc edilərək rayon ictimaiyyəti məlumatlandırılmışdır. İnternet səhifəsində İcra Hakimiyyətinin fəaliyyətini əks etdirən məlumatların yerləşdirilməsi və saytın mütəmadi yenilənməsi təmin edilmişdir.

Keçidlər