Ümummili Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilmişdir.
10 may 2023 | 12:17
Ümummili Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilmişdir.
Tədbirdə məruzə ilə çıxış edən Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov bildirmişdir ki, dünya və bəşər tarixində Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, milli müstəqilliyimizin 70 ildən sonra yenidən bərpası dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə nəsib oldu. Bəli, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev bəşəriyyət tarixində mənsub olduğu xalqa və millətə milli dövlət müstəqilliyini yenidən qazandıra bilən xilaskarlıq fenomenidir. Azərbaycanın milli dövlət müstəqilliyinin yenidən bərpa olunması missiyasının Heydər Əliyev fenomeninə qismət olması əslində heç də təsadüfü deyildi. Çünki məhz ulu öndərin anadan olduğu illər artıq Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olduqdan sonra süquta uğradığı zamanlar idi. Heydər Əliyev hələ 1940-cı illərdən başlayaraq Sovet Azərbaycanın dövlət təhlükəsizlik orqanlarında çalışmağa başladığı zamanlarda özünün iti zəkası, güclü məntiqi, tarixi hadisələri düzgün analiz və təhlil etməsi nəticəsində başa düşürdü ki, zor gücü ilə, xalqları və millətləri istismar etməklə, repressiya maşınından keçirtməklə qurulmuş sovet rejiminin çox yaşaması mümkün olmayacaq.
Qeyd olunmuşdur ki, Ulu öndər həqiqətən də dərk edirdi ki, Sovet Azərbaycanı müstəqil Azərbaycan dövlətini sarsıdılmaqla qurulmuş bir dövlət idi. Çünki Heydər Əliyev hələ o zamanlar, gənc yaşlarından dövlət təhlükəsizlik orqanlarında çalışmağa başladığı illərdə artıq bunu hiss etməyə başlamışdı. Sovet rejiminin kölə, qul halında saxladığı respublikalarda, Azərbaycanda milli-intellektual ziyalı elitasının 1930-cu illərdə güllələnərək, uzaq Sibirə sürgün edilərək repressiyalara məruz qaldığını Heydər Əliyev öz gözləri ilə görürdü. Ulu öndər dərk edirdi ki, repressiyalara məruz qalan, sürgün edilərək güllələnənlər Azərbaycanın müstəqillik ideyalarının carçıları, bu məmləkətin istiqlala çıxmasını ürəkdən arzulayan Hüseyn Cavidlər, Mikayıl Müşfiqlər, Abbas Mirzələr, Əhməd Cavadlar, idilər… Heydər Əliyev məhz Sovet İttifaqının belə gərgin bir dövründən başlayaraq artıq Azərbaycanda istiqlaliyyət, müstəqillik, azadlıq ideyalarının baş qaldırdığını hiss etmişdi. 1958-ci ildə Bəxtiyar Vahabzadənin əsas qayəsi milli azadlıq və müstəqillik ideyaları olan “Gülüstan” poeması işıq üzü gördü. Artıq bu əsərə görə Bəxtiyar Vahabzadə həbs edilməli idi. Amma Heydər Əliyev onu nəinki həbs etmədi, hətta xilas etməklə onu qorudu, xalq şairi adı verərək dövlət mükafatı ilə təltif etdi. Ulu öndər artıq 1950-60-cı illərdə Təhlükəsizlik Komitəsində (DTK) vəzifə pillələrində qalxdıqca anladı ki, məhz təhlükəsizlik orqanlarında milli azərbaycanlı kadr zabitlərin, əməkdaşların sayı artırılmalıdır. Çünki 30-cu illər repressiyalarında milli müstəqillik, azadlıq, istiqlaliyyət ideyalarının daşıyıcıları olan milli ziyalı elitasını məhz bu orqanlarda çalışan ermənilər məhv etmişdilər. Gələcəkdə Bəxtiyar Vahabzadələri, yeni milli azadlıq və müstəqillik ideya daşlarını KQB zindanlarından qorumaq üçün təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı artırıldı. Bir əsrdə dəfələrlə Azərbaycanlılara qarşı ermənilərin soyqırım törətməsi faktını Heydər Əliyev dərindən dərk edirdi. Elə buna görə də Ulu öndər böyük uzaqgörənlik nümayiş etdirərək gələcəkdə özünün quracağı milli müstəqil dövlətin onurğası hesab olunan ordunun, silahlı qüvvələrin kadr bazasının əsasını sovet dövründə qoydu. 1971-ci ildə ümummilli lider Heydər Əliyev C.Naxçıvanski adına internatlaşdırlmış hərbi məktəbin məhz Azərbaycanda yaradılması haqqında Moskvadan razılıq ala bildi. Məhz həmin dövrlərdə 10 minə yaxın gənc Naxçıvanski hərbi məktəbini bitirərək Sovet İttifaqında ən nüfuzlu hərbi məktəblərə daxil olaraq böyük ordu həyatına vəsiqə aldılar. Qarabağ müharibəsində Naxçıvanski hərbi məktəbinin 1500 nəfərdən çox məzunu erməni işğalçılarına qarşı vuruşlarda əsl qəhrəmanlıq nümunələri göstərdilər. Artıq illər keçdikcə sovetlər dövründə müstəqil Azərbaycan dövlətinin yaradılması istiqamətində Heydər Əliyev əslində yaxın gələcək illər üçün milli müstəqilliyin konsepsiyasını, planını çox dəqiqliklə hazırlayırdı.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.
Tədbirin sonunda Ümummilli Liderin həyatından bəhs edən sənədli film nümayiş olundu.