Şabran rayonunun Sincanboyad kəndində əhalinin istifadəsinə verilən içməli su xəttinin açılış mərasimi keçirilmişdir.
19 yanvar 2026 | 12:42
Şabranın Sincanboyad kəndində əhalinin istifadəsinə verilən içməli su xəttinin açılış mərasimi keçirilmişdir.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, ADSEA sədrinin müavini İlqar Gülməmmədov, Agentliyin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, “Coca-Cola” şirkətinin Avrasiya və Orta Şərq üzrə İctimai Əlaqələr, Kommunikasiya və Davamlılıq üzrə baş direktoru Elşad Fərzəliyev, “Eco Hub” MMC-nin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Asif Hüseynov bildirmişdir ki, 2026-cı ildən start götürən yeni islahatlar dövründə dövlətimiz “ağıllı su şəbəkələri” və müasir texnologiyalar vasitəsilə su təhlükəsizliyimizi ən yüksək səviyyəyə çatdırmağı hədəfləyir və bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu cür təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində iri layihələr icra olunur və bu layihələr növbəti illərdə də davam etdiriləcək. Bu tədbirlər çərçivəsində Şabran rayonunun Sincanboyad kəndində içməli su layihəsi icra olunub.
Bu lahiyənin həyata keçirilməsinə görə başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları olmaqla, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyin sədri Zaur Mikayılova, Regional Su Meliorasiyası Xidməti publik hüquqi şəxsə, Coca‑Cola Azərbaycan şirkətinə və "Eco Hub" MMC-ə kənd sakinləri adından minnətdarlığını bildirmişdir.
Asif Hüseynov qeyd etdi ki, kənddə mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Şabran şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunmaqla kənddaxili paylayıcı şəbəkə inşa edilib. Layihə çərçivəsində uzunluğu 6 km olan su şəbəkəsi çəkilib və 222 abonent üçün ev birləşməsi təmin edilib. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təchiz olunub.
Daha sonra çıxış edən Zakir Quliyev və İlqar Gülməmmədov bildirdilər ki, 830 nəfər sakini olan Sincanboyad kəndinin günlük 165 m³ su tələbatı yeni yaradılmış su təchizatı şəbəkəsi vasitəsilə tam təmin olunacaq. Layihə üzrə tələb olunan materialların tədarükü “Coca-Cola” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib, tikinti-quraşdırma işləri isə Regional Su Meliorasiya Xidməti tərəfindən icra olunub.
Bununla yanaşı, 2026-cı il ərzində Şabran şəhəri ərazisində Şabrançayda sel və daşqınlar zamanı zərər görmüş su və kanalizasiya şəbəkələrinin bərpası, eləcə də şəhərin tullantı su təmizləyici qurğular kompleksində əsaslı təmir işlərinin aparılması planlaşdırılır. Eyni zamanda 2026–2027-ci illərdə rayonun Gəndov kəndində mövcud su təchizatı sisteminin yenidən qurulması üçün layihə sənədlərinin hazırlanması və tikinti işlərinin icrası nəzərdə tutulur.






