Şabran Rayon İcra Hakimiyyətinin başçısı Vətənin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrini ziyarət etmişdir.
03 noyabr 2026 | 17:16
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Vətənin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimiz Abbasov Samir Adəm oğlunun, Hümbətov İzzət Müşviq oğlunun və Abbasov Ağababa Səfər oğlunun rayonun Uzunboyad kəndində yaşayan ailələrini ziyarət etmişdir.
Ziyarət zamanı Asif Hüseynov şəhidlərimizin valideynləri ilə görüşərək onların məişət qayğıları, müraciətləri və ehtiyacları ilə yaxından maraqlanmışdır. Görüşdə 44 günlük Vətən müharibəsində və tarixi Zəfərimizin qazanılmasında igid oğullarımızın göstərdiyi şücaət və fədakarlıq xüsusi vurğulanmış, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunmuşdur.
Bildirilmişdir ki, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların qayğılarının həlli dövlətimizin prioritet fəaliyyət istiqamətlərindəndir. Şəhidlərimizin əmanəti olan ailələrinə göstərilən diqqət və dəstək bundan sonra da davam etdiriləcəkdir.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, dərin ehtiramımızı bildiririk!
Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!






