Şriftin ölçüsü :

Saytın rəngi :

Əkin sahəsini sığorta edərkən fermerin diqqət yetirməli olduğu – 7 VACİB MƏSƏLƏ

24 sentyabr 2024 | 10:48

Əkin sahəsini sığorta edərkən fermerin diqqət yetirməli olduğu – 7 VACİB MƏSƏLƏ

 

Azərbaycanda fermerlərin gəlirlərini və məhsulunu qorumaq məqsədilə, tətbiq olunan dövlət dəstəkli aqrar sığorta mexanizmi ildən ilə genişlənir.

Qarşıdan gələn payızlıq əkinlərin sığorta mövsümündə minlərlə fermer yüz minlərlə hektar sahələrdə əkin aparacaq və təsərrüfatlarını sığorta edəcəklər.

Aqrar Sığorta Fondu tərəfindən mütəmadi həyata keçirilən monitorinqlər, müraciətlərin təhlili nəticəsində həm də fermerlər tərəfindən diqqət yetirilməli məqamlar araşdırılır. Bəzi hallarda fermerlər əkin sahələrini sığorta edərkən müəyyən halları nəzərdən qaçırırlar, bu isə sığorta ödənişlərinin təsdiqinə, məbləğinə və vaxtına ciddi təsir edir.

 

  1. «Sığortanın vaxtına hələ var» - Müqavilənin gec bağlanması

Aqrar sığorta qaydalarına görə, əkin sahələrini müəyyən dövrdə sığorta etmək olar. Bu müddət, məsələn, payızlıq əkinlər üçün oktyabrdan dekabr ayına qədərdir.

Bəzən fermerlər əkin işləri aparsalar da əkin sahəsini sığortalamağı ləngidir, bunu yalnız ilin axırında edirlər. Nəticədə əkin sahəsi oktyabr, noyabr və ya dekabrda baş verən hadisələr qarşısında sığortsız olur. 

Ən sərfəli üsul torpaq əkilən kimi sığorta üçün müraciət olunmasıdır. Bu zaman bitki cücərti fazasında olduğu andan sığorta təminatı qüvvəyə minir və baş verən bütün hadisələrdə fermerə dəyən zərər qarşılanır.

 

  1. «Sığorta müqaviləsi var, pulunu sonra ödəyərəm»: Sığorta haqqının vaxtında ödənilməməsi

Bir çox hallarda fermer sığorta üçün müraciət edir, müstəqil ekspert əkin sahəsinə baxış keçirir, müqavilə hazırlanır, lakin sığorta haqqı ödənilmədiyinə görə müqavilə qüvvəyə minmiş sayılmır. Qaydalara əsasən, sığorta müqaviləsi, yalnız sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir. Fond bir qayda olaraq bu barədə fermerlərə məlumat verir.

Lakin bəzi hallarda fermerlər sığorta müqaviləsinin hazırlanmasını onun qüvvəyə minməsi kimi qəbul edir, ödəniş etməyə təlismirlər.

Amma hətta müqavilə qüvvəyə mindikdən sonra belə təminatlar 7 günlük gözləmə müddətindən sonra başlanır. Yəni müqavilə bağlansa da, ödəniş edilənə qədər və ödəniş edildikdən sonrakı 7 günlük müddət ərzində baş vermiş hadisələr qarşılanmır.

 

  1. «4 ton məhsul alınan sahə 2 ton məhsulla bəyan edilir»: Məhsuldarlığın düzgün göstərilməməsi

Ən çox rast gəlinən hallardan biri fermerlərin bəyan zamanı əkin sahəsindən gözlənilən məhsuldarlığı az göstərmələridir. Bəzi hallarda fermerlər məsələn, 40 sentner məhsul gözlədikləri halda, bilərəkdən və ya məlumatsızlıqdan, sahədən 30 sentner məhsul götürəcəklərini bəyan edirlər. Bu hal, hadisə baş verərkən fermerin real zərərdən daha az sığorta ödənişi almasına səbəb olur. Çünki hadisə baş verərkən ödəniş məbləği yalnız bəyan edilmiş məhsuldarlığa əsasən hesablanır.

 

  1. Əkilən toxumun sertifikatı olmalı və düzgün göstərilməlidir

Əkilən bitkinin toxum serfikatının olması sığorta ödənişi zamanı vacib şərtlərdən və fermerlərin diqqət yetirməli məqamlardan biridir. Fermer həmin toxum sertifikatının bir nüsxəsini özündə saxlamalıdır. Sertifikatın olmaması və ya əkilən bitki ilə uyğun gəlməməsi sığorta ödənişindən imtinaya səbəb ola bilər.

 

  1. Əkin növünün düzgün göstərilməsi

Müqavilələrdə təminat verilən bitki növü də dəqiq göstərilməlidir. Bəzən fermerlər taxıl əkinlərində məhsulu göstərərkən arpa və ya buğda olmasına əhəmiyyət vermirlər, nəticədə toplanan məhsulla bəyan edilən məhsul növü arasında uyğunsuzluq Fondun sığorta ödənişini təsdiqləməyinə mane olur.

 

  1. Fermer üçün vacib rəqəmlər - 24 saat və 10 gün: Sığota hadisəsi barədə vaxtında məlumat verilməsi

Təsərrüfatda hadisə baş verdikdə Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə müraciəti və sığorta tələbi ödəniş üçün əsas şərtdir. Əkin sahələrində hadisə baş verdikdə Fonda 10 gün ərzində, heyvandarlıq təsərrüfatlarında isə 24 saat ərzində müraciət edilməlidir, müraciətin vaxtında edilməməsi imtinaya səbəb ola bilər. Bundan başqa, bitkiçilik, məsələn meyvə bağlarının sığortasında tez müraciətin tez qeydə alınması zərərin vaxtında və dəqiq hesablanmasına və ödənişin də düzgün təyin olunmasına səbəb olur.

 

  1. «Sığorta kalkulyatoruna diqqətlə baxın, orada fərqli hadisələrdən sığorta var»

Aqrar sığorta əkin sahələrini çoxsaylı risklərdən qoruyur, buraya baza zərfindən başqa, doludan keyfiyyət itkisi, donvurma, leysan, bitki xəstəlikləri və sair aiddir. Baza zərfi bu əkin sahəsi üzrə risklərin əsas hissəsini əhatə edir. Fermerlər bu müqavilənin hansı riskləri əhktə etdiyinə diqqət yetirməlidirlər. Əkinləri əlavə risklərdən də sığorta etmək üçün onlara lazım olan əlavə riskləri seçmək olar. Bunun üçün Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki «Sığorta kalkulyatoru»na baxmaq kifayətdir.

Ödənişlər yalnız sığorta müqaviləsində olan hadisələrə görə edilir, buna görə də fermerlər mütləq hansı sığorta zərfini aldıqlarını, bu sığortaya sığorta hadisələrini və zərər növlərini araşdırmalıdırlar.

Keçidlər