Ombudsman Elmira Süleymanovanın rəhbərliyi ilə Milli Fəaliyyət Proqramının icrası məqsədilə növbəti ictimai dinləmə rayonumuzda keçirilmişdir.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Şabran rayonunda ictimai dinləmə keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov Şabranda insan hüquqlarının müdafiəsi və təbliği sahəsində görülmüş işlər haqqında məlumat verib.
Ombudsman Elmira Süleymanova MFP-nin icrası, təbliği və tətbiqi vəziyyəti üzrə görülmüş işlər, qarşıda duran vəzifələr üzrə məruzə ilə çıxış edib. O, sürətlə inkişaf edən ölkəmizin regionlarında əhalinin maraqlarına xidmət edən tikinti, quruculuq, abadlaşma işlərinin geniş vüsət aldığını, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirildiyini, ölkənin neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun da canlanması ilə iqtisadiyyatın ahəngdar inkişafının təmin edilməsini, bunların isə insan hüquqlarına birbaşa təsir göstərdiyini diqqətə çatdırıb.
Tolerantlığın daim mövcud olduğu, bu ilin “Multikulturalizm ili” elan edildiyi Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə islahatların insan hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayan ombudsman vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox çətinliklərin aradan qaldırılması baxımından ölkə Prezidentinin təşəbbüsü və dəstəyi ilə respublikamızda müsbət təcrübə olaraq formalaşdırılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini nümunə göstərib.
Çıxışının sonunda müvəkkil ictimai dinləmələrin əsas əhəmiyyətini bir daha vurğulayıb, müzakirələr nəticəsində verilmiş təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini qeyd edib.
Tədbirin sonunda MFP-nin hər il üzrə icra vəziyyəti ilə bağlı nəşr olunan kitablar, proqramın nüsxələri, ictimai iştirakçılıq haqqında qanunvericilik toplusu, digər maarifləndirici vəsaitlər rayon icra hakimiyyətinə təqdim olunub.