Rayonumuzda “Xaqani Poeziya günlər”i keçirilmişdir.
Şabranda Azərbaycan ədəbiyyatında 17 min beytlik lirik şeirlər divanı və bir çox əsərləri ilə böyük yer tutan Xaqani Şirvaninin poeziya günləri qeyd olunub. Poeziya günləri Azərbaycan Yazıçılar Birliyi və Şabran Rayon icra hakimiyyətinin birgə təşəbbüsü ilə keçirilib.
Öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər. Ardınca Şabran rayon Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib və Xaqani Şirvanının abidəsi də ziyarət olunub. Daha sonra yerli yazarların kitablarından ibarət kitab sərgisi nümayiş olunub. Xaqani Şirvani adına Poeziya evində təşkil olunan tədbirə Azərbaycanın tanınmış ədəbiyyat nümayəndələri qatılıblar.
Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Xaqani Şirvani kimi ədəbiyyat xadimləri ilə xalqımız həmişə fəxr etməlidir və bu irsi qoruyub saxlamalıdır. Məhz ölkəmizdə ədəbiyyata və mədəniyyətə xüsusi diqqət göstərildiyi hər kəsə bəllidir. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən bu günə qədər ədəbiyyat və mədəniyyət sahəsinə göstərilən tükənməz dövlət qayğısı da ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətinin davamıdır.
Azərbaycan yazıçılar birliyinin sədri Anar, millət vəkilləri Aqil Abbas, Nizami Cəfərov, yazıçı Elçin Hüseynbəyli və başqaları çıxış edərək Xəqani Şirvaninin yaradıcılığından bəhs ediblər. Ardınca şairin yaradıcılığı ətrafında fikir mübadiləsi aparılıb. Şabranda Xaqani poeziya evinin fəaliyyət göstərməsinin gənc nəslin tərbiyəsi üçün böyük əhəmiyyətə malik olduğu vurğulanıb.
Sonda Şabran rayonunda poeziyaya və gənc istedadlara göstərdiyi köməyə görə Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzova Gənc Şairlər Birlinin təsis etdiyi "Müşfiq" mükafatı və Azərbaycan Yazıçılar Birliyinin Fəxri Fərmanı təqdim olunub.