Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Şabran şəhərində vətəndaşları qəbul edib.
Fevralın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Şabran şəhərində Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.
İlk öncə Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi önünə gülqoyma mərasimi keçirilib.
Daha sonra Şabran rayon Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu prosesi həyata keçirilib.Qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.