12 Noyabr - Konstitusiya Günü münasibətilə Şabran rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov Azərbaycan Respublikası Konstitusiyasının tarixindən, onun dövlətimizin inkişafındakı rolundan, eləcə də ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışaraq, dövlət quruculuğunda, ölkəmizin iqtisadi və ictimai-siyasi həyatında dinamik inkişafa güclü təkan verən bu mühüm tarixi hadisənin mərhum prezident Heydər Əliyevin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu xatırladıb.
Daha sonrakı çıxışlarda Azərbaycan xalqının əsrlərlə arzusunda olduğu azadlıq, müstəqillik amallarını gerçəkləşdirən, onun qüdrətli dövlət quruculuğu sahəsində bütün səylərinə istiqamət verən, Ulu Öndərimizin banisi olduğu Konstitusiyamızın bugünkü sabitliyimizin, dövlət müstəqilliyimizin qarantı olduğunu xüsusilə qeyd edib, hər bir vətəndaşın bunu yüksək dəyərləndirməsi və Konstitusiyada təsbit olunmuş hüquqlardan yararlanaraq öz vəzifələrini layiqincə yerinə yetirməsinin zəruriliyini bildirilib.
Çıxış edənlər, respublikada son illərdə dövlət başçısı tərəfindən aparılan konstitusiya-hüquq islahatları nəticəsində ölkənin Əsas Qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının daha da təkmilləşərək, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına zəmin yaratdığını vurğulayıblar.