Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Şabran şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyulun 6-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşların qəbulunu keçirib.
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan olan sakinlərin iştirak etdikləri qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaratdığı problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə bağlı müraciətlərə baxılıb.
Qəbul başa çatdıqdan sonra Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. Görüş çərçivəsində Şabran rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılıb.