Şəhid gizir Salahov Fizuli Süleyman oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "2-ci dərəcəli Vətənə Xidmətə görə" medalı ilə təltif olunub.
Şabran rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə şəhidin son təltifi şəhidin ailə üzvlərinə təqdim olunub.
Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani və rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov öz çıxışlarında Fizuli Salahovun döyüşdə göstərdiyi şücaətdən danışaraq onun qanının tezliklə alınacağını, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində mənfur erməni qəsbkarlarının şanlı Azərbaycan Ordusu tərəfindən torpaqlarımızdan tezliklə qovulacağı günün uzaqda olmadığını bildiriblər.
Sonra medal şəhid oğlu 8 yaşlı Nihad Salahovun sinəsinə sancılmışdır.
Daha sonra şəhid atası Süleyman Salahov şəhid oğlunun xatirəsini anan hər kəsə təşəkkür etmiş, ölkə Prezidentinə öz minnətdarlığını bildirmişdir.
Tədbirdən sonra Fizuli Salahovun Gəndov kəndindəki məzarı ziyarət olunmuşdur.