Baş prokurorun birinci müavini Rüstəm Usubov Şabranda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Rüstəm Usubov və Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda bölgədə yaşayan 20 vətəndaşın müraciətinə baxılıb. Müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Eyni zamanda, prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin edilib.
Sonra tabe prokurorların iştirakı ilə müşavirə keçirilib. Müşavirədə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı tövsiyə və tapşırıqlar verilib.