Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasından irəli gələn vəzifələr barədə Şabran rayon İcra Hakimiyyəti başçısının hesabat
MƏRUZƏSİ
2018-ci il Azərbaycanın inkişaf salnaməsinin mühüm illərindən biri kimi müstəqillik tariximizə həkk olundu. İqtisadiyyatımızın və cəmiyyət həyatının digər sferalarının inkişafı davam edib.
Sosial-iqtisadi sahədə baş verən yeni keyfiyyət dəyişiklikləri, prezident seçkiləri, cəbhədə əldə olunan uğurlar, qlobal enerji və nəqliyyat layihələrinin işə düşməsi ölkəmizin yüksəlişinə təkan verdi. Hansı sahəyə nəzər salsaq, istər infrastruktur, istər ictimai həyatın təşkili baxımından və digər istiqamətlərdə Azərbaycan əsaslı şəkildə dəyişib, müasirləşib, yenilənib.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin konkret hədəflərə yönəlmiş qətiyyətli siyasəti nəticəsində dünyada və bölgələrdə gedən proseslərdən asılı olmayaraq ötən ildə də ölkəmizin uğurlu inkişafı davam etmiş, sosial-iqtisadi sahədə tərəqqi, cəmiyyətdə sabitlik, əmin-amanlıq hökm sürmüşdür.
Möhtərəm cənab Prezident İlham Əliyevin sədrliyi ilə yanvar ayının 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasda proqram xarakterli nitqlərində ötən dövrdə görülmüş işlərin hərtərəfli təhlili aparılmış, ölkəmizin qarşıdakı dövr üçün vəzifələri müəyyənləşdirilmişdir.
2018-ci ildə də ölkəmizin inamlı, dinamik inkişafı davam etmişdir.
Ümumi daxili məhsul 1.4 faiz, sənaye istehsalı 1.5 faiz, qeyri-neft sektoru 9.1 faiz, əhalinin pul gəlirləri 9.2 faiz, kənd təsərrüfatı 4.6 faiz artmışdır.
Regionların tarazlı və dayanıqlı inkişafı dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca istiqamətidir. Möhtərəm cənab Prezidentin yüksək qayğısı və diqqəti sayəsində bütün bölgələrdə və bütün sahələrdə inkişaf, yüksəliş vardır.
Möhtərəm cənab Prezidentimiz ölkənin bütün bölgələrinə olduğu kimi rayonumuza da kifayət qədər qayğı göstərmiş, mühüm sosial-iqtsadi layihələrin icrasının təmin olunmasında köməyini əsirgəməmişdir.
Ölkəmizin bölgələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları əsasında ötən illərdə rayonumuzda da çox işlər görülmüşdür.
Yola saldığımız ötən ildə də rayonumuzda mühüm əhəmiyyətli layihələrin icrası davam etmişdir.
4 km-i Şabran şəhərinin bir hissəsini əhatə etməklə 5 yaşayış məntəqəsini birləşdirən Şabran-Əmirxanlı-Qazbabalı yolunun əsaslı tikintisi başa çatmışdır.
8 km-i rayon mərkəzinin böyük bir hissəsini:- Ağalar Mirzə, Tofiq İsmayılov, İsmət Qayıbov, Mikayıl Müşviq və Meliorator küçələrini əhatə etməklə 9 yaşayış məntəqəsini birəşdirən 39 km-lik Şabran-Çayqaraqaşlı-Hacıqaraqaşlı-Udulu yolunun tikintisi yaxın zamanlarda başa çatacaq.
Cari ilin ilk günlərindən Şabran-Düzbilici-Qorğan-Çinarlar yolunun da tikintisinə başlanılıb. Bu yol 8 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirəcək.
Uzunluğu 3 km olan Uzunboyad avtomobil yolunun tikintisinə artıq başlanmışdır.
Yola saldığımız ildə rayonumuzun 11 kəndinə mavi yanacaq verilmiş, 10 kəndin elektrik təsərrüfatı yenilənmiş, 7 modul tipli məktəb tikilmiş və neçə-neçə həyati əhəmiyyətli önəmli layihələr icra edilmişdir.
Ötən 15 ildə isə 30 məktəb binası tikilmiş, 11 məktəb binası əsaslı təmir edilmişdir.
Bu günlərdə möhtərəm cənab Prezidentimiz tərəfindən imzalanmış Regionların sosial-iqtisadi inkişafına dair 2019-2023-cü illəri əhatə edən dördüncü Dövlət Proqramında rayonumuzun sosial-iqtisadi həyatı ilə bağlı vacib layihələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Proqramın rayonumuza aid 16 bənddən 32 yarımbənddən ibarət hissəsində sosial-iqtisadi həyatımızla bağlı bütün məsələlər demək olar ki, əhatə olunmuşdur.
Dövlət əhəmiyyətli bir çox layihələr də rayonumuzun coğrafiyasını əhatə edir. 23 km-i rayonumuzun ərazisindən keçən Bakı-Rusiya avtomobil yolunun tikintisi davam edir.
34 km-i Şabran rayonunun Xəzər dənizi ilə əhatələnən 92 km-lik ödənişli avtomobil yolunun da tikintisinə başlanılıb.
Pirəbədil kəndinin əhatəsində 12.6 hektar ərazidə Yaradıcılıq İttifaqları üçün şəhərcikdə yaxın günlərdə iş başlayır.
Cənab Prezidentin qarşıya qoyduğu vəzifələri inamla yerinə yetirmək üçün bütün imkanlardan istifadə edərək 2018-ci ili rayonumuz iqtisadiyyatın, sosial-mədəni həyatın bütün sahələrini nəzərə çarpan yüksək göstəricilərlə başa vurmuşdur. Hesabat ilində məhsul buraxılışının ümumi həcmi 6.1 milyon manat və ya 2.7 faiz artaraq 234,6 milyon manata çatmışdır.
Rayonda sənaye məhsulları istehsalı 28.7 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 1.4 faiz, tikinti-quraşdırma işləri 25.4 faiz, nəqliyyat və rabitə xidmətləri 4.2 faiz artmışdır.
Son beş ildə rayonda məhsul buraxılışının həcmi 1.5 dəfə, sənaye məhsulu istehsalı 3.4 dəfə, kənd təsərrüfatı 1.5 dəfə, ticarət dövriyyəsi 1.4 dəfə artmışdır.
Ötən on beş ildə isə ümumi məhsul buraxılışın həcmi 11,4 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 9,3 dəfə, orta aylıq əmək haqqı 8 dəfə, əhalinin pul gəlirləri isə 5,3 dəfə artmışdır.
53 istehsal və emal müəssisələri yaradılmışdır.
Çalışanların orta aylıq əmək haqqı artaraq 319 manat, əhalinin pul gəlirləri 124 milyon manata çatmışdır.
2018-ci ildə 756 iş yeri açılmışdır ki, onun da 730-u daimi iş yerləridir.
Rayonumuzda 38,9 min nəfər aktiv əmək ehtiyatı vardır ki, onun da 27,8 min nəfəri və ya 71,4 faizi faydalı, ödənişli, 20,1 faizi mövsümi əmək fəaliyyəti ilə məşğuldur.
İşçi ehtiyatı ilə iş yeri arasında tarazlıq iş axtaranların xeyrinədir. Yəni üstünlük iş axtaranlarladır.
Əhalinin sayı 500 (0.8 faiz) nəfər artaraq 59.2 min nəfər olmuşdur. Son 15 ildə isə əhalinin sayı 21 faiz artmışdır.
Rayona daimi yaşamağa gələnlərin sayı (66 nəfər) gedənlərin sayından (18 nəfər) 3.6 dəfə çox olmuşdur. Və bu nisbət artıq neçə illərdir ki, bu temp üzrə davam edir.
Yola saldığımız ildə sakinlərimiz tərəfindən 2200 kv.m həcmində 22 yaşayış evi tikilmiş, 124 nəfərə fərdi mənzil tikintisi üçün 8,9 ha torpaq sahəsi ayrılmışdır.
Prezident cənab İlham Əliyevin xüsusi qayğısı və diqqəti sayəsində ölkəmizdə sahibkarlıq bütün səviyyələrdə (kiçik, orta, iri) sürətlə inkişaf edir.
Rayonumuz da bu inkişafdan geri qalmır.
İndi 169 hüquqi, 6117 fiziki şəxs olmaqla rayonda 6286 sahibkarlıq subyekti fəaliyyət göstərir. Sahibkarlıq subyektlərinin sayı bir ildə 398 vahid və ya 6,7 faiz artmışdır.
Ötən il 16 özəl sahibkarlıq müəssisəsi yaranmışdır ki, onlardan 1-i kənd təsərrüfatı, 11-i xidmət, 2-si ticarət və 1-i tikinti sahəsinə aiddir.
2018-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 8 nəfər hüquqi və fiziki şəxsə tikinti aparmaq məqsədi ilə torpaq sahəsi ayrılmışdır.
9 sahibkarlıq obyektinin tikintisinə icazə verilmiş, 1176 kv.m xidmət sahəsi olan 8 sahibkarlıq subyekti qeydə alınmışdır.
2018-ci ildə Sahibkarlıq Fondu tərəfindən kənd təsərrüfatı ilə məşğul olan 10 nəfər sahibkara 100 min manat kredit verilmişdir.
Son 15 ildə 164 nəfər sahibkara 46.9 milyon manat, ötən il rayonda fəaliyyət göstərən banklar tərəfindən 3767 sahibkar və fermerə 10.7 milyon manat kredit verilmişdir.
Yola saldığımız ildə sahibkarlar 70.7 milyon manat dəyərində 25 investisiya layihəsi üzrə işlərin yerinə yetirilməsi davam etmişdir. Bu layihələrin 22.2 milyon manatı kənd təsərrüfatı, 18.5 milyon manatı turizm, 10.7 milyon manatı sənaye, 14 milyon manatı Aqroparkın yaradılmasına, 3.6 milyon manatı anbar kompleksləri və logistik mərkəzlərin tikintisinə təşviq edilmişdir.
2018-ci ildə Rəhimli kəndində 120 yerlik “Bağçalı evlər” oteli, 2 motel və 7 kotej tikilib istifadəyə verilmişdir. Şirkət 20 ha ərazidə kənd təsərrüfatı istehsalı və emalı müəssisələrinin inşasını davam etdirir. 20 min başlıq cücə fabriki, 1 ha yeni istixana artıq fəaliyyətə başlayıb.
Ölkə Prezidenti nitq və bəyanatında xalçaçılığın sürətlə inkişaf etdiyini, bölgələrdə il ərzində 11 xalça fabrikinin istfadəyə veriləcəyini qeyd etmişdir.
Rayonumuzda xalçaçılığın qədim ənənələrini yaşadan xalçaçılarımız fərdi qaydada il ərzində 500 kv.m-dən artıq xalça toxumuşlar.
Cənab Prezidentin xalçaçılığın inkişafı ilə bağlı rayonumuza göstərdiyi xüsusi qayğını isə minnətdarlıq hissi ilə qeyd edirik. Rayonumuzda toxunan “Pirəbədil”, “Ağgül”, “Zeyvə” çeşidləri ilə dünyada şöhrət tapan nəfis xalçalar bu elə həmişə böyük şöhrət gətirib.
Şabranda da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yeni xalça fabriki və yun, boyaq bitkilərinin qəbulu məntəqəsinin tikintisi başa çatmış və yaxın aylarda istifadəyə veriləcəkdir.
Ötən il də rayonda abadlıq, quruculuq diqqət mərkəzində olmuşdur. Rayon mərkəzində, yaşayış məntəqələrində mənzil-məişət, yol-tikinti, su təchizatı və digər sosial infrastrukturun möhkəmləndirilməsi istiqamətində tədbirlər görülmüşdür. Şəhərin küçələrində piyada yollarının bərpası, avtomobil yollarının asfaltlanması davam etmişdir.
11 küçəyə 3.8 km (21 min kv.m) asfalt və 13 küçəyə 3.2 km (17.8 min kv.m) çınqıl daş döşənmişdir.
Şəhərin mənzil fondunun əsaslı təmiri işləri davam etmiş, Nizami küçəsindəki 9 saylı, M.Ə.Rəsulzadə küçəsindəki 6 və 8 saylı yaşayış binalarında 214 kv.m, 13 saylı binada isə 360 kv.m dam örtüyü dəyişdirilmiş və binaların giriş dəhlizlərinə yeni metal qapılar qoyulmuşdur.
Küçə və meydanlar 1528 nöqtədən işıqlandırılır və buna da 50 kv saat elektrik enerjisi sərf edilir.
Yola saldığımız ildə rayon ərazisində ümumilikdə 1,3 milyon manatlıq tikinti-təmir, bərpa işləri görülmüşdür.
Rayon mərkəzinin daha da abadlaşdırılması üçün görüləsi işlər hələ də çoxdur. Şəhərin 35 küçəsi, ucqarlar da daxil olmaqla, 125 km maşın yolu, bir o qədər də piyada gediş-gəliş yolu vardır ki, onun tən yarısı yenidən tikilməli, müasir üslubda döşənməlidir.
Cari ildə şəhərin 12 küçəsi asvalt beton, 13 küçəsi isə çınqılla əsaslı təmir olunacaqdır.
Ş.Vahabzadə, M.Müşviq, N.Nərimanov, Nizami küçəsində səkilərdə təmir işləri görüləcək, isıqlandırma sistemi yenidən qurulacaqdır.
M.Ə.Rəsulzadə küçəsində 2 saylı, Nizami küçəsində 1 saylı binalarda əsaslı təmir işləri aparılacaqdır.
Sakinlərin rahatlığını təmin etmək üçün şəhərin zərurət yaradan yerlərində 10 ədəd müasir tipli dayanacaqların qurulması nəzərdə tutulmuşdur.
Şəhərdə daha 1000 yerdə işıqlandırma nöqtələri qoyulmasına ehtiyac vardır. İri yaşayış məntəqələri, Gəndov, Şahnəzərli və bəzi başqa kəndlərimizin yalnız mərkəzi meydançaları işıqlandırılır. Rayonun bütün kəndlərində kənddaxili yolların çəkilişi, işıqlandırma tədbirləri, ictimai yerlərin abadlaşdırılması, yaşıllıqların salınması vacib vəzifələrdəndir.
Kənd bələdiyyələri tərəfindən də rayon ərazisində bəzi abadlıq-quruculuq işləri aparılmışdır. Şabran bələdiyyəsi, Yaşıllıq və Təmizlik idarəsinə bəzi avadanlıqlar verilmişdir. Şəhər bazarının giriş qapısı yenidən tikilmişdir. Surra yaşayış massivində daxili yollar təmir edilmişdir. Bakı-Rusiya magistral avtomobil yolundan rayona cənub giriş qapısının ətrafının abadlaşdırılmasına başlanmışdır. Şəhər bələdiyyəsi “Qurtuluş” parkına xidməti, Rəşid Behbudov küçələrinin abadlaşdırılmasını öhdəsinə almışdır.
Ağalıq, Taxtalar, Əmirxanlı, Pirəbədil bələdiyyələri tərəfindən az da olsa abadlıq işləri görülmüşdür.
Cənab Prezident Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi vəzifələrinin yerinə yetirilməsinə dair iclasda və regionların sosial iqtisadi inkişafı dördüncü Dövlət Proqramının konfransdakı nitqlərində kənd təsərrüfatında aparılan islahatların səmərəsini yüksək qiymətləndirmiş və qarşıya daha mühüm vəzifələr qoymuşdur.
Yola saldığımız ildə rayonda kənd təsərrüfatının inkişafında 1.4 faiz artım olmuşdur. O cümlədən bitkiçilik məhsullarının istehsalı 8.6 faiz, heyvandarlıq məhsullarının istehsalı 0.3 faiz artmışdır.
2018-ci ildə rayonda 3250 ton taxıl istehsal edilmişdir. Hektardan məhsuldarlıq da əvvəlki ilə nisbətən artmışdır.
Cari ilin məhsulu üçün 13462 ha sahədə dənli bitkilər əkilmişdir.
2018-ci il ərzində 1849 fermerə güzəştli şərtlərlə 1478 ton gübrə satılmışdır.
541 ton tərəvəz və bostan sahəsindən 5115 ton məhsul götürülmüşdür. İstixana şəraitində 416 ton tərəvəz yetişdirilmişdir. İndi rayonda 11,26 hektar sahəsi olan 11 istixana var.
Yola saldığımız ildə rayonumuzda fındıq bağları da daxil olmaqla 430 hektar sahədə yeni bağlar salınmışdır. Meyvə bağlarının sahəsi 3118 hektara çatmışdır. Bu isə 10 il əvvəlkindən 3 dəfə çoxdur.
2018-ci ildə 8834 ton meyvə istehsal edilmişdir ki, bu da əvvəlki ildən 2091 ton, 10 il əvvəlkindən isə 11 dəfə çoxdur.
Üzümçülükdə də artım davam edir. İndi üzüm bağlarının sahəsi 10 il əvvəlkindən 2.7 dəfə artaraq 384 hektara çatmışdır. Ötən il rayonda 2293 ton üzüm istehsal edilmişdir ki, bu da 10 il əvvəlkindən 3 dəfə çoxdur.
Son 15 ildə meyvə bağları 6,1 dəfə, meyvə istehsalı 13,4 dəfə (məhsuldarlıq 4 dəfə), üzüm bağlarının əkini 10 dəfə, üzüm istehsalı 3 dəfə artmışdır.
Cari ildə meyvə bağlarının sahəsini 3,5 min hektara, üzüm bağlarının sahəsini isə 500 hektara çatdırmağı nəzərdə tuturuq.
Cənab Prezidentin xüsusi önəm verdiyi fındıqçılıq indi rayonumuzda kənd təsərrüfatının mühüm sahələrindən birinə çevrilmişdir. Fermerlərimizin öhdəsində və fərdi təsərrüfatlarında fındıq bağlarının sahəsi 1193 hektara çatmışdır. Bu bağların 173 hektarı məhsuldar fındıq bağıdır. Ötən il 408 ton məhsul istehsal edilmiş, hər hektardan məhsuldarlıq 23.5 sentner olmuşdur. Fındıqçılıqda gəlir 1.4 milyon manat olmuşdur..
Cənab Prezident “Azərbaycan Respublikası Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı”nın yekunları ilə bağlı bu günlərdə keçirilmiş konfransdakı nitqində ölkədə kənd təsərrüfatının digər sahələri ilə yanaşı bağçılıqda badam və qoz bağlarının salınması vəzifələrini qeyd etdi.
Rayonumuzun iqlim şəraiti və əlverişli coğrafi mühiti badam və qoz bağlarının əkilib yetişdirilməsinə imkan verir.
Hazırda rayonda 83 hektar badam, 88 hektar qoz bağı mövcuddur. Ondan məhsuldar badam bağları 6 hektar, qoz bağları isə 49 hektardır. Yola saldığımız ildə fermerlərimiz bağlarında 11,6 ton badam, 89,6 ton qoz toplamışlar.
Ötən il 8,8 hektar yeni badam bağı, 15,2 hektar qoz bağları salınmışdır.
Hazırda badam və qoz bağlarının salınması işləri davam edir.
Qarşıdakı illərdə biz rayonda badam bağlarını 200 ha, qoz bağlarını isə 100 hektara çatdırmalıyıq.
Rayonda bu il 1000 ton kartof istehsal edilmişdir.
Kartofun məhsuldarlığı 72 sentner olub.
Rayonumuzun torpaq ehtiyatları bizə 400-500 hektar sahədə kartof əkməyə imkan verir. Cari ildə kartof əkinini ötən ilkindən 2 dəfə çox artırmağı tövsiyə edirik və yəqin ki, fermerlərimiz təşəbbüsümüzü reallaşdıracaqdır.
Rayonumuzda maldarlığın, qoyunçuluğun və quşçuluğun iqtisadi tempi stabildir. Heyvandarlağın inkişafında önəmli amil olan cins tərkibinin yaxşılaşdırılmasına da diqqət artırılıb.
İl ərzində 380 baş malda süni mayalanma aparılmışdır.
İribuynuzlu qaramalın sayında cins mal-qaranın çəkisi cəmi 25 faiz (1000 baş) təşkil edir ki, bu da son illərdə bu sahəyə göstərilən diqqətin göstəricisidir.
Son illər cins heyvandarlıq təsərrüfatlarının yaradılmasına diqqət artıb.
Ötən il də bir neçə cins heyvandarlıq təsərrüfatları yaradılmışdır. Pirəbədil kəndində, Aygünlü kəndində, Pirəmsən kəndində, Qorğan kəndlərində ətlik-südlük cins heyvandarlıq təsərrüfatları yaranıb. İl ərzində lizinq yolu ilə də rayona 81 baş iribuynuzlu cins mal da gətirilmişdir.
323 fərdi təsərrüfatda 7946 arı ailəsi saxlanıb, bu da ötən ildən 149 təsərrüfat sayı və 5642 arı ailəsi çoxdur. 2018-ci ildə arıçılarımız 76 ton bal və bal məhsulları istehsal etmişdir.
Cənab Prezidentimiz qarşıya qoyduğu vəzifələr sırasında arıçılığın inkişafına da xüsusi önəm verir. Ötən ildən arıçılıq təsərrüfatı olan şəxslərə arı ailələrinin sayına görə dövlət tərəfindən subsidiyanın verilməsinə başlanmışdır. Dövlətin bu qayğısı şübhə etmirik ki, rayonumuzda arıçılığın sürətli inkişafına təkan verəcəkdir.
Cənab Prezident Nazirlər Kabinetinin iclasındakı nitqində ölkədə aqroparklar ilə iri fermer təsərrüfatlarının yaradılmasının kənd təsərrüfatındakı əhəmiyyətini bir daha qeyd etdi. Bildirdi ki, “bu aqroparkların əhatə etdiyi sahə 200 min hektardır. 31 aqroparkın yaradılmasına 2.2 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur ki, onların istehsal edəcəyi məhsul 1 milyard manata yaxın olacaqdır”.
Ölkədə yaradılmış və yaranma prosesi davam edən 51 aqroparkdan 2-si bizim rayona aiddir:- Udulu kəndindəki “Şabran Aqrokompleks”, Şabran şəhəri ilə Çölquşçu ərazisində Uzunboyad, Rəhimli, Dəvəçi İnzibati Ərazilərini də əhatə edən “Çıraqqala Aqroparkı".
200 nəfər işçinin çalışacağı “Şabran Aqrokompleks”də infrastruktur işləri yekunlaşmışdır. Artıq yaz əkininə hazırlıq işləri aparılır və bütün ərazidə şum işləri yekunlaşmışdır.
“Çıraqqala” Aqroparkında da 500 ha sahə üçün pivot sifariş olunmuş, 2500 ha sahədə meliorativ qurğuların tikintisi yekunlaşmışdır. Aqroparkda 100 nəfərin işləməsi nəzərdə tutulmuşdur. Hal-hazırda yaz tarla işlərinə hazırlıq görülür, 500 hektardan çox sahə şumlanmışdır.
Möhtərəm cənab Prezident əkinçiliyin taleyinin təməli olan suvarma mənbələrinə, nəhəng meliorasiya işlərinə xüsusi önəm verir. Ölkəmizdə bu layihələr inamla həyata keçirilir və kənd təsərrüfatında əldə edilən yüksək nəticələrin əsasını təşkil edir.
Ölkə miqyasında xüsusi proqram əsasında yerinə yetirilən bu iri miqyaslı işlər eyni dərəcədə rayonumuzu da əhatə etmişdir.
Möhtərəm cənab Prezidentin xüsusi diqqəti sayəsində və çox önəm verdiyi “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Siyəzən-Şabran-Xızı rayonlarının mövcud suvarılan və yeni suvarılacaq ərazilərinin su təminatının yaxşılaşdırılması” layihəsi çərçivəsində bizim rayonumuzda yeni suvarılacaq 13806 hektar torpaq sahəsində suvarma şəbəkəsinin qurulması işləri davam edir. Layihə əsasında indiyədək 173 km suvarma şəbəkəsi və 390 km drenaj xətti və 143 km kollektor, 12000 ha torpaq sahəsində qapalı drenaj sistemi quraşdırılmışdır. 11066 hektar torpaq sahəsinin su təminatı yaxşılaşmış, 9951 hektarda meliorasiya işləri yekunlaşmışdır.
Şabran rayon Suvarma Sistemləri idarəsi tərəfindən rayonun mövcud suvarılan torpaqlarının su təminatının yaxşılaşdırılması üçün ötən il 250 km beton kanal, 60 km kollektor lildən təmizləmiş, 19 km kollektor qazılmış, 83 ədəd hidrotexniki qurğu təmir olunmuşdur. Rayonun Pirəmsən kəndində su buraxıcı qurğu tikilib başa çatdırılmış və 1 milyon m3 su tutumu olan su anbarının tikintisi isə davam edir.
Ekoloji tarazlığın qorunması, təbiətin mühafizəsi, ətraf mühitin çirklənməsinə qarşı mübarizə, gündəlik təşkilatçılıq və xüsusi işgüzarlıq göstərilməsi tələb edilən sahədir.
Cənab Prezidentimiz bu məsələlərə də xüsusi önəm verir. Bir neçə il əvvəl ölkəmizin bir ili dövlət başçısının sərəncamı ilə ekologiya ili kimi tarixləşdi. Ekologiya məsələləri Xəzər dənizinin sahili boyunca və bir neçə beynəlxalq nəqliyyat yolunun keçdiyi rayonumuz üçün də olduqca aktual və diqqət çəkəndir. Bu sahədə xeyli iş görsək də problemlərimiz də çoxdur.
Xəzər dənizinin Şabran rayonuna mənsub olan hissəsində çayların ətrafı və su ötürücü kanalların mühafizə zonalarında monitorinqlərin aparılması və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi üçün rayon İcra Hakimiyyətinin başçısı yanında komissiya yaradılmışdır.
Ekoloji tədbirlər çərçivəsində rayon ərazisində fəaliyyət göstərən otel, restoran, müxtəlif iaşə və xidmət sahələrində sanitar-texniki və sanitar gigiyenik norma tələblərin uyğunluğu vəziyyətinin araşdırılması üçün rayon İcra Hakimiyyəti başçısının 14 noyabr 2018-ci il tarixli, 147 saylı sərəncamı ilə komissiya yaradılmışdır.
Komissiyalar tərəfindən bu sahədəki vəziyyət müntəzəm diqqətdə saxlanılır, monitorinqlər keçirilir.
2018-ci ildə rayon büdcəsinin yerli gəlirlərinin icrası 4.3 milyon manat proqnoza qarşı 5.8 milyon manat (34.8 faiz çox) icra olunmuşdur. Yerli xərcləri isə 4 milyon 227 min manat (96.5 faiz) icra olunmuşdur.
Rayonda elektrik enerjisi, təbii qaz, içməli su və kanalizasiya şəbəkəsinin tikintisi layihələrinin icrası istiqamətində də işlər davam etdirilir.
Elektrik Şəbəkəsində yenidənqurma işləri uğurla aparılır.
İl ərzində İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbullarda və İcra nümayəndəliklərində keçirilən hesabatlarda əhali tərəfindən rayonun Qarabağlı, Şahnəzərli, Sumağa-Qazma, Düzbilici, Çuxurəzəmi kəndlərində elektrik xətlərinin yenilənməsi, elektrik dirəklərinin dəyişdirilməsi təklifləri verilmişdir.
Qaldırılan bu məsələlər nəzərə alınmış və bu işlərin 2019-cu ildə həlli Azərişıq ASC-nin müvafiq qurumları ilə əlaqələndirilmişdir.
Əhalinin mavi yanacaqla təminatının yaxşılaşdırılmasında da tədbirlər davam edir. Ötən il 756 nəfər əhalinin yaşadığı üç kəndə : - Qorğan, Bilici-Qorğan və Sumağa-Qazma kəndlərinə təbii qaz verilmişdir. İndi rayonda təbii qazdan istifadə edən abonentlərin sayı 11138 nəfərdir. Bu isə qazlaşmanın 86 faizi deməkdir.
İnzibati Ərazi Dairələrində keçirilən illik hesabatlarda əhali tərəfindən qaldırılan təkliflər arasında rayonun qazlaşmayan ərazilərinə: – Leyti, Ərəblər, Sarvan, Liman, Əmirxanlı, Qazbabalı, Ceyranlı, Çayqaraqaşlı, Hacıqaraqaşlı, Qələgah kəndlərinə yeni qaz xətlərinin çəkilməsi təşəbbüsləri də vardır.
Cari ildə bu kəndlərdən bir neçəsinə mavi yanacaq veriləcəyini gözləyirik.
Rayonda su abonentlərinin sayı 7260 nəfərdir.
2018-ci ildə içməli suyun dəyəri ümumi istehlakçılar tərəfindən 99 faiz ödənilmişdir. Bu əlbəttə yaxşı göstəricidir, həm də xidmətin səviyyəsini göstərir.
Cari ildə rayonun V.Abdullayev küçəsində və Gəndov kəndində yeni içməli su şəbəkəsinin qurulması nəzərdə tutulmuşdur. Lazımi avadanlıqlar ayrılmış, rayona daşınmışdır, yaxın zamanda icrası təmin ediləcəkdir.
Əhaliyə rabitə, nəqliyyat xidməti də artan temp üzrə inkişaf edir.
Əhaliyə göstərilən nəqliyyat xidmətinin həcmi də ötən ilin müvafiq dövründən 45.6 min manat artaraq 1.5 milyon manata çatmışdır.
Rayonda rabitə xidmətinin vəziyyətini də qənaətbəxş hesab etmək olar.
Rayon ərazisində ümumilikdə 324 telefon və 725 ədəd internet xətti çəkilmişdir.
Hazırda rayon üzrə internet abunəçilərinin sayı 2281 nəfərdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasdakı nitqində şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılamsı tədbirlərinin davam edəcəyini bildirmişdir.
Ötən il rayonumuzda yaşayan 2 şəhid ailəsinə, 2 Qarabağ əlilinə hər birinin sahəsi 0,6 hektar olmaqla fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
Bir neçə şəhid ailəsi və Qarabağ əlilinə mənzil tikintisi ilə bağlı müvafiq hökümət qurumlarına müraciət edilmişdir.
Bu gün həlli vacib olan ən əsas məsələlərdən biri Şabran şəhərində ictimai yaşayış binalarının tikintisinə nail olmaqdır. Rayon İcra Hakimiyyəti mənzil tikintisi ilə məşğul olan özəl qurumlarla bu məsələnin həlli ilə bağlı müntəzəm iş aparır və ümid edirik ki, belə təşəbbüslərimiz nəticə verəcəkdir.
Cənab Prezident nitqlərində təhsil, səhiyyə, mədəniyyət və digər sosial-mənəvi dəyər daşıyıcılarına diqqətdən də bəhs etmişdir.
2018-ci ildə rayonumuzda da sosial obyektlərin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisi və təmiri, iş şəraitinin yaxşılaşdırılması işləri davam etmişdir. Xəlfələr, 1 saylı (Surra) ümumi orta və Qazbabalı kənd ibtidai məktəbləri üçün modul tipli binalar tikilmişdir. 2014-2018-ci illərdə isə başa çatmış üçüncü dövlət proqramı çərçivəsində rayonda 7 məktəb binası tikilmiş, 8 məktəb binası isə əsaslı təmir edilmişdir.
Məktəblərimizin təhsil göstəriciləri ilbəil yaxşılaşır. Müəllimlərimiz öhdələrinə düşən vəzifələri demək olar ki layiqincə yerinə yetirirlər.
Ötən il ali məktəblərə 167 nəfər tələbə adını qazanmışdır.
Rayon məktəblərinin 32 nəfər məzunu 500-dən yuxarı, 8 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən artıq 4 ildir ki, məktəblərin IX-XI sinif şagirdləri üçün Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, müstəqillik illərində sürətli sosial-iqtisadi inkişafının əyani şəkildə öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” şüarı altında ümumilikdə 9 tur aksiya keçirilmişdir ki, bu aksiyada bu günə qədər rayonumuzdan 265 şagird iştirak etmişdir. 2018-ci ildə də 80 nəfər şagirdimiz respublikanın cənub və şimal-qərb bölgəsinə səfərlər etmişdir.
Rayonumuzda əhaliyə göstərilən səhiyyə xidməti də xeyli yaxşılaşıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2018-ci ildə də əhalinin pulsuz dispanserizasiyası və tibbi müayinədən keçirilməsi təşkil olunmuş, rayon üzrə 69 yaşayış məntəqəsini əhatə etməklə əhalimizin 55916 nəfəri tibbi müayinədən keçmişdir. Bunlardan 16890 nəfəri 18 yaşına qədər olan əhalidir.
Mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması tədbirləri davam etmişdir.
31 mart Azərbaycanlıların soyqırımının 100 illiyi”, Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nin qeyd edilməsi ilə əlaqədar rayon əhəmiyyətli tədbirlər keçirilmiş, respublikanın ictimai xadimlərinin, görkəmli alimlərinin belə tədbirlərdə iştirakı təmin edilmişdir.
Rayon Mədəniyyət Mərkəzinin dram dərnəyinə “Xalq teatrı” adı verilmişdir
Respublikada hər il keçirilən “Şairlər günü” artıq bir qayda olaraq rayonumuzda keçirilir. Ötən ildə “Xaqani Poeziya” günü ilə bu silsilə tədbirlər başa çatmışdır.
Cənab Prezidentin müvafiq sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar rayon Mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Poeziya evinin qarşısındakı meydanda “Poeziya günləri” çərçivəsində İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş “Poeziya bayramı”nın keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədilə rayon İcra Haki¬miyyətində ziyalılardan ibarət 20 nəfərlik təbliğat qrupu yaradılmış, qrup üzvləri mütəmadi olaraq yerlərdə, o cümlədən Heydər Əliyev Mərkəzində, rayonun müəssisə və təşki¬latlarında görüşlər keçirmiş, bu görüşlərdə cənab Prezidentin məruzə və çıxışlarından irəli gələn vəzifələr şərh edilmiş, təhlillər aparılmışdır.
Gənc nəslin vətənpərvərlik, dövlətçilik ruhunda formalaşması istiqamətində rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin müstəsna rolu vardır. Heydər Əliyev Mərkəzində vaxtaşırı müxtəlif məzmunlu tədbirlər keçirilir. Mərkəzdə 16 dərnək fəaliyyət göstərir.
“Şabran” qəzeti 2018-ci ildə 500 tirajla ayda iki dəfə çap olunmuşdur.
Rayonun gəncləri arasında idmanın, intellektual oyunların keçirilməsinə diqqət artırmışdır.
İl ərzində idmançılarımız 21 respublika və 11 zona səviyyəli yarışlarda iştirak etmiş və 5 qızıl, 11 gümüş və 18 bürünc medal qazanmışlar.
Cənab Prezidentin Nazirlər Kabinetinin iclasındakı nitqində qeyd etdiyi kimi 2018-ci ildə ordu quruculuğu istiqamətində böyük işlər görülmüş, önəmli addımlar atılmışdır.
Rayon İcra Hakimiyyəti ordu quruculuğu ilə bağlı öhdəsinə düşən vəzifələri səylə yerinə yetirir. Gənclərimizin hərbi vətənpərvərlik hissi yüksəkdir. 2018-ci ildə həqiqi hərbi xidmət borcunu yerinə yetirməkdən yayınan bir gəncimiz belə olmamışdır. Şabranlı gənclər ordu sıralarında rəşadətlə xidmət edirlər.
Möhtərəm cənab Prezidentimizin yenilməz iradəsi və qətiyyəti sayəsində torpaqlarımız düşmən tapdağından azad olacaqdır. Bütün şabranlılar, fədakar gənclərimiz bu uğurda daim cənab Prezidentin yanındadırlar.
Təsadüfi deyil ki, cənab Prezidentimiz “ASAN” xidməti ölkəmizin brendi adlandırır. İl ərzində “ASAN xidmət” səyyar avtobuslar vasitəsilə 3105 nəfər Şabran rayon sakininə xidmət etmişdir.
Rayonumuzda turizmin inkişafı istiqamətində irəliləyiş ardıcıl xarakter almışdır.
2018-ci ildə rayonun turizm mərkəzlərində 54298 nəfər turist istirahət etmişdir: onlardan 2486 nəfəri xarici, 51812 nəfəri yerli vətəndaşlar olmuşdur.
Rayonun tarixi yerlərinə isə 6206 nəfər turist (780 nəfəri xarici, 5426 nəfər yerli) səyahət etmişdir.
İndi rayonumuzda 560 yerlik 5 istirahət, sağlamlıq kompleksləri və otellər xidmət göstərir.
Ölkəmiz həm beynəlxalq həm də vətənimizin öz hüdudlarında bütün sahələrdə: - siyasətdə, ictimai həyatda, iqtisadiyyatda hərbi quruculuq və dövlətimizin müdafiəsində, eləcə də mədəni-mənəvi sahədə arzu oluna biləcək qədər möhtəşəm uğurlara imza atır.
Möhtərəm cənab Prezidentimiz ölkəmizin qazandığı bu uğurların təməlində siyasi sabitliyin vətəndaş əmin-amanlığının dayandığının mühüm amil olduğunu dönə-dönə bəyan edir.
Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da sağlam ictimai-siyasi, sağlam mənəvi mühit hökm sürür. Vətəndaşlarımız əminamanlıq, qarşılıqlı etimad mühitində yaşayıb çalışırlar. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin yüksək idarəçilik, dövlət-vətəndaş həmrəyliyinə əsaslanan ardıcıl və uğurlu siyasəti ilə daha da möhkəmlənib. Əminamanlığın diqqətdə saxlanılmasında, həyat normasına çevrilməsində rayon ziyalılarının, ağsaqqal və ağbirçəklərimizin müstəsna xidmətləri vardır. Eyni zamanda Şabranlı gənclər də bu gün vətən sevgisi və vətənimizin, doğma rayonumuzun daha da çiçəklənməsi yolunda mübarizə əzmindədirlər.
Hesabat ilində rayonumuzda müvafiq əlaqədar qurumlar, hüquq-mühafizə orqanları vətəndaşların hüquqlarının müdafiəsində öhdələrinə düşən vəzifələri səylə yerinə yetirmişdir. Vətəndaşların əmin-amanlığının qorunmasında rayon İcra Hakimiyyəti hüquq-mühafizə orqanları ilə işgüzar əməkdaşlıq etmişdir.
Rayonda idarəetmənin tənzimlənməsində sosial-ictimai vəzifələrin proqramlaşdırılması və yerinə yetirilməsində kollegial məşvərət qurumu olan icra Hakimiyyəti başçısı yanında Şuranın və müvafiq komissiyaların əhəmiyyətli rolu vardır.
Yola saldığımız ildə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 24 iclası, müxtəlif məsələlərlə bağlı 57 mədəni kütləvi tədbir keçirilmişdir.
Ötən il ərzində rayon vətəndaşları tərəfindən rayon İcra Hakimiyyəti başçısının ünvanına 294 ərizə, şikayət daxil olmuşdur. Daxil olan müraciətlərdən 91-i müsbət, 498 nəfərə isə etdiyi müraciətlərlə əlaqədar müvafiq izahat verilmişdir.
Qəbul günlərində 147 nəfər rayon sakini iştirak etmişdir.
İl ərzində rayon İcra Hakimiyyəti başçısının rayonun 44 yaşayış məntəqəsində keçirdiyi səyyar qəbullarda 1710 nəfər rayon sakini iştirak etmişdir. Qəbullar zamanı əhali tərəfindən 142 müraciət və təklif qeydə alınmışdır. Qaldırılan müraciətlərdən 112-si sosial yönümlü olmuşdur ki, onunda 24-ü yol , 10-u suvarma,17-si içməli su ilə təchizat, 15-i məktəb, 24-ü qaz və işıq, qalanları da digər məsələlərlə bağlı olmuşdur.
Səyyar qəbullarda müraciətlər nəticəsində şəhərin 8 küçəsində yeni işıq dirəkləri quraşdırılmış və 3 küçəsi isə çınqılla təmir edilmişdir.
2018-ci il rayonumuzun iqtisadi-ictimai həyatında uğurlu illərdən biri kimi yaddaşlaşdı. Cari ildə qeyd etdiyimiz kimi bizi daha ciddi, əhəmiyyətli vəzifələr gözləyir. İqtisadi sahədəki inkişaf tempini daha da sürətləndirməliyik. Əhalinin məişət problemlərinə qayğını artırmalıyıq. Yolların tikintisi, küçələrin abadlaşdırılması ilə bağlı işlərimizi davam etdirməli, yeni iqtisadi mexanizmlərin tətbiqi, təhsil, mədəniyyət, səhiyyə xidmətini daim yaxşılaşdırmalıyıq.
Möhtərəm cənab Prezidentin ölkəmizin iqtisadi yüksəlişinə, dövlətimizin daha da qüdrətlənməsinə, vətəndaşlarımızın əmin-amanlığına və rifahına yönəldilən fərman və sərəncamları, nitqləri və bəyanatlarında qarşıda qoyduğu vəzifələrin inamla yerinə yetirilməsi hər birimizin həyatı vəzifəmizdir.
İcazə verin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edim ki, biz bu vəzifələrin yerinə yetirilməsi üçün daim səy göstərəcək, 2019-cu ilin bütün sahələrdə daha yüksək nəticələrlə başa vuracağıq.